Əslində bu arqument teleolojik arqumentin bir növüdür. Teistlər tərəfindən ən çox istifadə olunandır.
Əsasən belə bir struktura sahibdir; “X`ə bax, necə də kompleks, necə də mükəmməldir, deməli bunu yaradan var, o da Allahdır”.
İndi bunların dillərdən düşməyən versiyalarına baxaq:
“Sən bir dünyaya bax, 1 metr günəşə yaxın və ya uzaq olsaydı biz yaşaya bilməzdik, belə mükəmməl dəqiqlik özözünə ola bilməz! Deməli Allah yaradıb dünyanı.”
“Sən bir gözünə bax, necə də mükəmməldir, kameradan 1455 qat efirdi, kameranı düzəldən var, deməli gözü də yaradan var!”
“Sən bir rəsm əsəri görəndə fikirləşirsən ki bunun rəssamı var. Bəs bu dünyaya, öz orqanizminə baxanda da bunu niyə fikirləşmirsən? Deməli bu gördüyün hər şeyin də rəssamı, dizayneri var.”
Yadımdadır STV də altdan altdan bu arqumenti yeridirdi, heyvanlara aid xarici sənədli filmləri dublyaj eləyib göstərirdilər. Hansısa heyvanın, bitkinin maraqlı xüsusiyyəti deyilirdi, axirda və ya əvvəldə də “belə mükəmməl şəkildə yaradılmışdı”, “ yüce Allah bu heyvanları bu xüsusiyyətlə təchiz eləmişdi” və s. kimi sözlər əlavə eləyirdilər. Originalda təbii ki belə sözlər yox idi.
Bunların fəlsəfədəki nümunəsi William Paley`in saat analogiyasıdır. Səhrada gəzərkən yerdə bir saat görürük. Baxırıq ki saat çox gözəl şəkildə dizayn edilib və mexanizmi işləyir. Qərara gəlirik ki bunun arxasında bir ağıl-dərrakə sahibi dizayner var. Ömrümüzdə saat görməmiş olsaq da qərara gələ bilərik ki belə kompleks və qeyri-adi bir cihaz öz başına yarana bilməz, bunu kimsə düzəldib.
Dizayner kimdir?
Bu arqument(lər)i çürütməyin ən qısa yolu “Dizayner kimdir?” sualıdır. Bu arqument sadəcə bir yaradıcının olduğunu deyir, demir ki Allahdır, UFOdur, Zevsdir yoxsa Göydə Uçan Çaynikdir. Demir ki bu yaradıcı hər şeyi bilir ya yox, sonsuz olaraq yaxşılıq sahibidir ya yox, qüvvətlidir, zəifdir yoxsa nədir…Arqumentin digər problemlərini də qeyd eləyəcəyəm, amma sadə olaraq bu metod praktikdir. Praktik demişkən, həyatdan bir nümunə ilə göstərək:
D: Dindar A: Ateist
D: Sən bir dünyaya bax, 1 metr günəşə yaxın və ya uzaq olsaydı biz yaşaya bilməzdik, belə mükəmməl dəqiqlik özözünə ola bilməz! Deməli Allah yaradıb dünyanı.
A: Dünya onsuz da günəşə yaxınlaşır-uzaqlaşır, kilometrlərlə. J Amma yenə də fərz eləyək ki hə, dünya superdir. Amma niyə ki sırf Allah?
D: Allah yaradıb da başqa kim yarada bilər ki.
A: Bəlkə Göydə Uçan Spagetti Monstru yaradıb dünyanı?
D: Hanı dəlilin?
A: Spagetti Monstru üçün dəlil istəyirsənsə, mən də Allah üçün dəlil istəyirəm. Deməli bu dediyin “dünya arqumenti” heç nəyi isbat eləmədi. Yenə də başqa arqument-dəlil lazım oldu.
Təbii ki bu dialoq sadəcə bir praktik nümunədir, normalda dizayn arqumenti fəlsəfi cəhətdən heç “yaradıcı agentin” necə nə cür kim olduğunu açıqlamır. Bunu da bütün fəlsəfəçilər bilir. Mən sadəcə Paley`in analogiyasının standart bir dindar arqumentinə mutasiya edilmiş formasına aid dialoq yazdım.
Yuxarıdaki “Dizayner kimdir bəs” sualını həmən arqumentin istənilən formasında istifadə eləmək olar, insan bədəni, saat, rəsm, kainat, göz, hüceyrə və s.
Keçək arqumentin digər problemlərinə:
Elm vs Mif
İnsan və canlı aləmlə bağlı olan dizayn məsələsinin elmi açıqlaması var. Bu açıqlama hər şeyi çox gözəl açıqlayır, və elm dünyası tərəfindən tam qəbul edilib. Bu da təbii ki təbiətdəki təkamül mexanizmidir. Normalda bu iki açıqlamanın “mutually exclusive” olması – yəni ikisindən birinin doğru olması, bu arqument üçün vacib deyil. Yəni bir nəfər deyə bilər ki, məsələn göz təkamül nəticəsində olub, amma yenə də bunun yaradıcısı var. Düzdür bu çox cətindir, çünkü bir obyekti açıqlayan iki teoriya var, bunlardan mümkün, məntiqli olanı, vəya elmi tərəfdən dəstəklənəni qəbul etmək daha məntiqlidir. Canlı aləmi üçün bu arqumenti istifadə eləmək o qədər də uğurlu alınmır nəticə etibarı ilə, çünkü təkamül açıqlaması yetərlidir, hansısa üstün super tanrıya ehtiyac duyulmur (açıqlama gətirmək üçün).
İldırım və qaranlıqlar Tanrısı
Tarixdən bir neçə nümunə də vermək olar. Mayalılar və digər qədim xalqlar/qəbilələr təbii proseslərə mifik xüsusiyyətlər qoşurdular. Məsələn, ildırım və ya günəşin tutulması – Tanrının qəzəbi, Tanrının zülmlə mübarizəsi, qurban istəməsi və s. O vaxtki düşüncə tərzi demək olar ki indi də var. Bilinməyən şeyi Tanrı ilə doldurmaq – God of the Gaps. İldırımın nə olduğu bilinmirdi, ona görə də bunu Tanrı ilə əlaqələndirirdilər. İndi bu fikir gülüncdür, çünkü ildırımın təbii proses olduğunu, Tanrının qəzəbinin olmadığını bilirik. Həmçinin insanın, canlı aləmin də yaranmasının təbii proses (təkamül) olduğunu bilirik, sadəcə bu (relatively) təzə elmi kəşf olduğu üçün, və dindarların bir çox mifini (Adəm-Həvva-ilan-alma-Nuhun gəmisi) alt üst elədiyi üçün onlar buna qarşı müqavimət göstərir, qəbul eləmək istəmirlər.
Keçək dünya, kainat olan arqument nümunələrinə. Elmi olaraq bunlar üçün də yavaş-yavaş aydınlıq gətirilir (Big Bang, CERN araşdırmaları, Abiogenesis, String Theory və s.). Bunlar da demək olar ki Maya dövrünün İldırımı kimidir, amma inkişaf daha sürətlidir, və qaranlıq nöqtələrə aydınlıq gəlir. Dindarların da xasiyyəti Tanrını bu qaranlıq nöqtələrdə gizlətməkdir. Amma bu nöqtələr azalır, əvvəllər İldırımın qaranlığında gizlənən tanrı, indi də başqa yerlərdə gizlənir.
Şəxsi Dünya – İnsan egosu
Əsas mövzudan yayındım bir az. “Dünya bele superdi duperdi ki biz burda yaşayırıq. Bu dünya bizim üçün yaranıb.” XEYR. Biz bu dünyanın şəraitlərində əmələ gəlmişik. Yəni dünya bizə yox, biz dünyaya uyğunlaşmışıq. Suyu hər hansı bir qaba tökürsən, su həmən formanı alır. Su da deyir ki gör bu qab necə də mükəmməldir, tam mənə görə dizayn edilib, sırf mən bu qaba rahat şəkildə sığışım deyə. Yuxarıdakı arqument də bu suyun sözlərinə oxşayır. İnsan özündən o qədər razıdır ki, hər şeyin özü üçün yaradıldığını düşünür. Kainatda qum dənəsi olan insan, özünü kainatın mərkəzi kimi görür. Ona görə də Tanrını, nə məqsədlə olur olsun (imtahandı hər nədi), öz arzularının, egolarının agenti kimi istifadə eləyir.
Dizaynerin Dizayneri – Infinite Regress
Yaxşı, baxdıq kainata, dünyaya, insana dedik superdir, bele zor, super şeyi düzəldən mütləq daha kompleks və mükəmməldir. Sən mənə kompleks bir şey – kainatı göstərirsən və deyirsən ki bunun dizayneri var. Təbii ki bu dizayner daha kompleks və mükəmməldir. Onda mən də sənə həmən dizayneri göstərib soruşaram ki bəs bunun dizayneri kimdir? Cavab olaraq desələr ki bu dizaynerin dizayneri yoxdur, özözünə olub. Onda mən də deyirəm ki belə kompleks və mükəmməl varlıq özözünə olabilirsə, daha primitiv bir şey (kainat, dünya, insan) niyə özözünə ola bilmir?

İsti-isti